Ağalıya ilk köç həyata keçirildi - Sakinlər işlə də təmin olunacaq

14:36 - 19.07.2022


19 iyul, Fineko/abc.az. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Zəngilan rayonunun Ağalı kəndinə köçlə bağlı məlumat yayıb.

Komitədən ABC.AZ-a bildirilib ki, Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi Abşeron rayonunun Masazır kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksindən başlayıb.

Yeni Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülür. İlkin köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinın həcmi nəzərə alınıb. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri vardır.

Köçürülən 41 ailədən hərəsinin bir üzvünə iş təklif olunub və təkliflər qəbul edilib. Təklifi qəbul etmiş şəxslər köçülmədən sonra iş yerlərində rəsmi şəkildə qeydiyyata alınıb fəaliyyətə başlayacaqlar. Ağalıya köçürülən ilk sakinlər arasında təqaüdçü, tələbə, evdar qadınlar olmaqla yanaşı, mühəndis, satıcı-kassir, gözətçi, bağban, aqronom, müəllim, həkim, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və s. xidmət, səhiyyə və təhsil sahələri üzrə ixtisaslaşmış kadrlar vardır.

Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.