14:17 - 1.04.2022
1 aprel, Fineko/abc.az. Rusiya ilə Ukrayna arasında gərginlik artdıqca yaranan vəziyyət Azərbaycanda özünü müxtəlif sahələrdə göstərməkdədir. Bu təsirə məruz qalan sahələrdən biri də divar kağızları bazarıdır. Ölkədə yerli istehsalı olmayan bu sahə konkret olaraq idxaldan asılıdır. Əsas idxalçılarımız isə elə adıçəkilən Ukrayna və Rusiyadır. Statistik rəqəmlərə nəzər saldıqda görürük ki, ötən il Azərbaycan xaricdən 31,534 milyon ABŞ dolları dəyərində 9 min 989 ton divar kağızı (üz tərəfi naxışlanmış və boyanmış plastik kütlə qatı ilə örtüklü) alıb. Bunun dəyər ifadəsində 22,9 %-i, kəmiyyət olaraq – 18,3 %-i Rusiyanın, müvafiq olaraq 33,2 %-i və 30,1 %-i Ukraynanın payına düşür.
Bəs müharibə başlayandan sonra yerli divar kağızı bazarında vəziyyət necədir? Baş verənlər qiymətlərə nə dərəcədə təsir göstərib?
ABC.AZ xəbər verir ki, divar kağızlarının satışı ilə məşğul olan mağazanın müdiri Cəbrayıl Hüseynov Report-a bildirib ki, Ukraynadan sifariş etdikləri mallar gəlmir. Adətən 5-6 günə gələn mal 1 aydan çoxdur yolda qalıb.
“Artıq bəzi firmalarda bahalaşma müşahidə olunur. Nəzərə alsaq ki, bizdə divar kağızları istehsal olunmur, bu mənada qiymətlər pis deyil. Biz həmçinin Çindən də mal gətiririk, çeşidlərimiz çoxdur. Çin mallarının qiymətləri hələlik artmayıb. Amma Ukrayna və Rusiya divar kağızlarının qiymətləri qalxıb”, - deyə mağaza müdiri bildirib.