Şarl Mişel Brüsseldəki görüşlə bağlı bəyanat yaydı

10:43 - 15.12.2021


15 dekabr, Fineko/abc.az. Dekabrın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yayıb.

ABC.AZ xəbər verir ki, bəyanatda Aİ Şurasının Prezidenti tərəfindən Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilib.

Şarl Mişel bildirib ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Bəyanatda ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu daxil edilib, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub.