Peter Pelleqrini: "Azərbaycan regionun sabitliyinin və inkişafının qarantıdır"

11:36 - 14.07.2026


14 iyul, Fineko/abc.az. Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında ölkəmizin regiondakı mühüm rolunu və Qarabağda aparılan nəhəng bərpa işlərini yüksək qiymətləndirib.

Slovakiya Prezidenti Şuşada olmaqdan şərəf hissi keçirdiyini və qısa müddətdə görülən genişmiqyaslı işlərə heyran qaldığını bildirib: “Mənim üçün böyük şərəfdir ki, slovak şirkətləri də məhz bu regionun inkişafına öz töhfəsini verirlər”.

İki ölkə arasındakı strateji tərəfdaşlığın formal xarakter daşımadığını vurğulayan P. Pelleqrini əlavə edib: “Azərbaycan regionun sabitliyinin və inkişafının qarantı, əsas oyunçusudur, eyni zamanda nəqliyyat marşrutlarının birləşdiyi məkandır. Bizim əməkdaşlığımız boş bəyanatlar deyil, konkret layihələrə çevrilir”.

Görüşün sonunda Slovakiya lideri maraqlı bir faktı da bölüşüb: “Mən əvvəllər müxtəlif vəzifələrdə olarkən də Azərbaycanda səfərdə olmuşam. Hər dəfə Azərbaycandan qayıdandan sonra işlərim daha yaxşı gedib və vəzifəm artıb. Buna görə Sizə xüsusi təşəkkür edirəm”.