190 manat valideyinlə yanaşı işsiz övladlara da veriləcək - Daha bir açıqlama

14:17 - 9.04.2020


9 aprel, Fineko/abc.az. İşsizlər üçün birdəfəlik ödəmə ailədə ər və ya arvaddan birinə, habelə işsiz olan əmək qabiliyyətli övladlarına veriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) ailədə əmək qabiliyyətli, lakin faktiki işsiz olan və sosial ödəniş almayan övladlara da veriləcək.

Yəni əgər ailədə ər və arvad ikisi də işsizdirsə, onlardan birinə, eyni zamanda ailənin digər üzvləri (məsələn ailənin oğlu və ya qızı) işsizdirsə və sosial ödəniş almırsa, onlara da veriləcək.

2020-ci il 1 aprel tarixinə qədər işsiz kimi qeydiyyata alınanlarla yanaşı, xüsusi karantin rejiminin davam etdiyi dövrdə də işsiz kimi qeydiyyata alınan şəxslər də bu birdəfəlik ödəməni alacaqlar. Artıq bir dəfə müraciət etmiş şəxsin təkrar müraciətinə ehtiyac yoxdur.

Müəllif: Elmir Murad