11:20 - 17.12.2019
17 dekabr, Fineko/abc.az. Dünyanın heç bir ölkəsində təbii, yaxud texniki səbəblərdən baş verən fəlakətlərdə əhalinin əmlakına dəyən zərəri dövlətin ödəməsi halı yoxdur.
ABC.AZ xəbər verir ki, bunu . Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov FHN-in yaradılmasının 14 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı son vaxtlar aktuallaşan obyekt və mülklərin sığortalanması məsələsinə toxunarkən deyib.
O, qeyd edib ki, dəfələrlə ölkəmizdə sel, zəlzələlər, o cümlədən bəzi ticarət obyektlərinin yanması zamanı zərər çəkmiş vətəndaşlara Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun humanist addımları nəticəsində kompensasiyalar ödənilib, onlar üçün evlər tikilib. Amma bu, başqa dövlətlərdə yoxdur: “Azərbaycan dövlətinin qanunvericiliyində də bu məsələlər əksini tapıb. Yəni hər bir fərd özünü, öz həyatını sığortalayır, yaşamaq üçün ev, ticarət mərkəzləri tikir, hər bir şeyi gözəl bəzəyir. Amma insanlar sığorta məsələsinə diqqətsiz yanaşırlar. Haqsız olaraq da dövlətdən kompensasiya istəyirlər. Qanunvericilikdə hər bir məsələ əksini tapıb. İdxal olunan, daxildə istehsal edilən, ticarət mərkəzlərində satışa çıxarılan mallar, əmlaklar necə sığortalanır, bütün bunlar qanunlarda əksini tapıb. Məcburi sığorta ilə bağlı qanunlarımız var. Ona görə də bu sahədə Fövqəladə Hallar Nazirliyinin və bilavasitə bu işlərlə məşğul olan digər dövlət qurumlarının fəaliyyəti artmalıdır”.
Müəllif: Elmir Murad