14:33 - 11.10.2019
11 oktyabr, Fineko/abc.az. Dövlət Turizm Agentliyi sentyabrda Azərbaycana gələn turistlərin sayını açıqlayıb.
ABC.AZ Agentliyə istinadn xəbər verir ki, sözügedən ayda Azərbaycanı rekord sayda qonaq ziyarət edib. Belə ki, 2019-cu ilin sentyabr ayında ümumilikdə 280 min nəfər Azərbaycan sərhədlərini keçib ki, bu da 2018-ci ilin sentyabr ayına nisbətən 48 min və ya 20.8% çox xarici vətəndaş deməkdir.
Məlumatda qeyd edilib ki, ən yüksək artım İran üzrə 33 minlə iki dəfə, Mərkəzi Asiya ölkələri üzrə isə 88% qeydə alınıb. Gələn əcnəbilərin 6.7 min və ya 13% çoxu Gürcüstanın, 5.3 min və ya 8% çoxu Rusiyanın payına düşür. Türkmənistandan gələn qonaqların sayı rekord dərəcədə artıb ki, bu da ötən il ilə müqayisədə 231.8% artım deməkdir.
Cənubi Asiya ölkələri arasında Hindistandan (83.7% və ya 3 min), Yaxın Şərq ölkələri arasında isə Səudiyyə Ərəbistanından (96.1% və ya 3.8 min) gələn qonaqlar arasında kəskin artım müşahidə olunur.
2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana gələn xarici qonaqların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 9.6% artaraq 2.4 milyona çatıb.
Sentyabrda olduğu kimi yanvar-sentyabr dövründə də gələnlərin əksəriyyətini (1.26 milyon və ya 52%) Rusiya və Gürcüstan vətəndaşları təşkil edib. Sonuncu üzrə artım 94.5 min və ya 21.7% olub.
Müəllif: Elmir Murad