Mikayıl Cabbarov: Azərbaycan və İtaliya sərmayələrin qarşılıqlı qorunması haqqında yeni saziş imzalamağı hədəfləyir

12:25 - 23.11.2026


23 Noyabr, Fineko/abc.az. Azərbaycan və İtaliya yaxın gələcəkdə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında yeni ikitərəfli saziş imzalamağı hədəfləyir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-İtaliya biznes-forumunda çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, enerji sahəsi ikitərəfli əməkdaşlığın əsas istiqaməti olaraq qalır və Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə nəql olunan Azərbaycan qazı İtaliyanın və bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə verir.

M.Cabbarov əlavə edib ki, hazırda tərəfdaşlarla birlikdə Mərkəzi Asiyanın enerji resurslarının Xəzər dənizi üzərindən Avropaya çatdırılması, eləcə də Xəzər regionunda istehsal olunan "yaşıl" elektrik enerjisinin Avropa bazarlarına ixracı istiqamətində işlər aparılır.