“TotalEnergies”in Azərbaycandakı filialına yeni rəhbər təyin edilib

11:08 - 23.11.2026


23 noyabr, Fineko/abc.az. Fransanın enerji nəhəngi “TotalEnergies”in ölkəmizdəki struktur bölməsi olan “TotalEnergies EP Absheron B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialına yeni rəhbər təyin olunub.

Bu vəzifəyə 2026-cı ilin oktyabrından şirkətin Azərbaycandakı baş meneceri vəzifəsini icra edən Bertran Antuan Şimkovski (Bertrand Antoine Szymkowski) gətirilib və o, bu postda Emmanuel Pyer Odil de Qiybonu əvəz edib.

Fransanın “Mines Paris – PSL” ali təhsil müəssisəsinin məzunu olan B.Şimkovski bundan əvvəl Anqola və Argentinada şirkətin iri neft-qaz hasilatı layihələrinə rəhbərlik edib.

Qeyd edək ki, 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən “TotalEnergies”in əsas layihəsi olan “Abşeron” qaz-kondensat yatağında tərəfdaşlar (SOCAR 35%, “TotalEnergies” 35%, ADNOC/XRG 30%) bu ilin sentyabrında tammiqyaslı işlənmə üzrə yekun investisiya qərarı qəbul ediblər.

2029-cu ildə istismara verilməsi planlaşdırılan ikinci mərhələdən sonra yataqda illik qaz hasilatının 6 milyard kubmetrə, gündəlik kondensat hasilatının isə 47 min barelə çatdırılması nəzərdə tutulur ki, bu qazın da bir hissəsi daxili bazara, digər hissəsi isə Türkiyəyə ixrac ediləcək.

Eyni zamanda şirkət Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəmərində 1,44% iştirak payına malikdir.