Avropada soyuq hava və tədarük məhdudiyyətləri təbii qazın qiymətini kəskin bahalaşdırıb

16:02 - 23.11.2026


23 Noyabr, Fineko/abc.az. Avropada temperatur proqnozlarının kəskin aşağı düşməsi və tədarük zəncirindəki problemlər fonunda təbii qazın qiyməti sürətlə artıb.

Belə ki, Avropanın əsas qaz göstəricisi olan Niderlandın TTF qovşağında etalon fyuçers müqavilələrinin qiyməti gün ərzində 8,6 faizə qədər yüksələrək meqavat-saat üçün 96,075 avroya çatıb və son bir həftədən artıq müddətin ən kəskin günlük artımını qeydə alıb. Ticarət sessiyasının gedişində qiymətlər 4,9 faiz artımla 92,77 avro səviyyəsində qərarlaşıb.

Qiymət artımına Şimal-Qərbi Avropada dekabrın əvvəlinədək davam edəcəyi gözlənilən soyuq hava dalğası, eləcə də Almaniya, Danimarka və Niderlandda külək enerjisi istehsalının zəifləməsi riski təsir göstərib.

 Eyni zamanda, Avropada qaz anbarlarının doluluq səviyyəsinin mövsümi ortalamadan xeyli aşağı qalması, Norveçdə hasilat məhdudiyyətləri və Yaxın Şərqdəki gərginlik fonunda qlobal tədarük çatışmazlığı bazarda qiymətləri yuxarı çəkir.