Ağdamda 22 milyon manatlıq zavod tikiləcək

16:36 - 19.11.2026


19 noyabr, Fineko/abc.az. Ağdam Sənaye Parkında lift və eskalatorlar, yanğına davamlı qapılar və məişət avadanlıqları istehsal edəcək yeni müəssisə qurulur.

İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, layihəni icra edəcək “Vertus Engineering CO” MMC-yə sənaye parkının rezidenti statusu verilib.

İnvestisiya dəyəri 22 milyon manat olan zavodun fəaliyyəti çərçivəsində parkın rezidentləri üçün nəzərdə tutulan geniş güzəştlər tətbiq olunacaq.

Belə ki, müəssisə 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən, həmçinin istehsal məqsədilə idxal edilən texnika, avadanlıq və xammala görə ƏDV və gömrük rüsumlarından azad edilir.

Bundan başqa, sahibkara sosial sığorta haqlarının subsidiyalaşdırılması kimi əlavə dəstək mexanizmləri də şamil olunacaq.