Qlobal bazarda aviasiya kerosini bahalaşır: Azərbaycan xalis ixracatçıya çevrilib

14:10 - 21.09.2026


21 sentyabr, Fineko/abc.az. ABŞ və Avropada təklifin məhdudlaşması səbəbindən reaktiv mühərriklər üçün kerosin yanacağının qiyməti yenidən pik səviyyələrə yaxınlaşıb.

Meksika körfəzi sahillərində aviasiya kerosininin qiyməti bir qallon üçün 4,55 dollara, Nyu-Yorkda isə 4,75 dollara yüksəlib.

Avropada da tədarük zəncirinin pozulması fonunda kerosin ehtiyatları son yeddi ilin minimumuna düşüb.

Qlobal bazarlardakı bu qiymət artımı Azərbaycan üçün ixrac gəlirlərini artırmaq imkanı yaradıb.

Belə ki, 2026-cı ilin ilk yeddi ayında Azərbaycan 65,85 min ton aviasiya kerosini ixrac edərək 66,23 milyon dollar gəlir əldə edib və ötən illə müqayisədə xalis ixracatçıya çevrilib.

Ölkədə istehsalın 22,5 faiz azalaraq 261,67 min tona düşməsinə baxmayaraq, ixrac olunan yanacağın bir tonunun orta qiyməti 30,1 faiz artaraq 1 005,8 dollara çatması ölkəyə daxil olan valyuta həcmini əhəmiyyətli dərəcədə artırıb.