“Porsche” 4 100  iş yerini ixtisar edə bilər

11:11 - 21.09.2026


21 Sentyabr, Fineko/abc.az.  Almaniyanın “Volkswagen” konserninin genişmiqyaslı yenidənqurma planı çərçivəsində onun törəmə müəssisəsi olan “Porsche” idman avtomobilləri istehsalçısında daha 4 100-dən çox iş yerinin ixtisarı nəzərdə tutulur.

Bu barədə Almaniyanın "Handelsblatt" biznes nəşri məlumat dərc edib.

Bildirilir ki, “Volkswagen”in Müşahidə Şurasının sənədlərində təxminən 700 milyon avroluq  inzibati xərclər kəsirini bağlamaq üçün “Porsche”də təxminən 4 100 əməkdaşın ixtisar edilməsi təklif olunur.

Bu tədbirlər artıq əldə olunmuş razılaşmalara əlavə olaraq həyata keçirilə bilər. Qeyd edək ki, cari ilin iyul ayında “Porsche” rəhbərliyi və həmkarlar ittifaqı 2035-ci ilə qədər şirkətdə təxminən 9 000 iş yerinin (hər beş işçidən birinin) ixtisar edilməsi barədə razılığa gəlmişdi.

“Volkswagen” idman avtomobilləri brendindəki problemlər səbəbindən mənfəət proqnozunu aşağı saldıqdan sonra bu addımı atmağı planlaşdırır. Bununla belə, “Volkswagen” yalnız tövsiyə verə bilər, qərarı isə “Porsche” rəhbərliyi özü verməlidir. Hər iki şirkət yayılan xəbərlərə şərh verməkdən imtina edib.