Almaniya məhkəməsi "Meta" şirkətini "Facebook" və "Instagram"dakı saxta reklamlar üzrə məsuliyyətə cəlb edib

22:49 - 17.09.2026


17 Sentyabr, Fineko/abc.az. Almaniyanın Frankfurt Məhkəməsi ABŞ-ın "Meta Platforms" texnologiya nəhənginin "Facebook" və "Instagram" sosial şəbəkələrində üçüncü tərəflər tərəfindən yerləşdirilən dələduzluq xarakterli saxta reklamlara görə birbaşa hüquqi məsuliyyət daşıdığı barədə qərar çıxarıb.

Məhkəmə şirkətin öhdəliyinə saxta məzmunlu reklamları platformadan dərhal silməyi və zərərçəkənlərə dəymiş ziyanı ödəməyi qoyub.

İddia Almaniyanın şəxsi maliyyə platforması olan "Finanzfluss" və onun təsisçisi Tomas Kel tərəfindən qaldırılıb. Dələduzlar brendin loqotipindən və T.Kelin fotosundan icazəsiz istifadə edərək saxta investisiya təklifləri yayımlayıblar.

"Meta" Aİ-nin Rəqəmsal Xidmətlər Aktına (DSA) istinad edərək yalnız neytral saxlanma (hosting) xidməti göstərdiyini iddia etsə də, məhkəmə alqoritmlərin reklamların ardıcıllığını və nümayişini idarə etdiyini nəzərə alaraq şirkətin passiv vasitəçi sayıla bilməyəcəyini vurğulayıb.