Özbəkistan Türk Dövlətlərinin Mühasibat və Audit Birliyi üçün yeni təkliflər irəli sürüb

15:50 - 16.09.2026


16 sentyabr, Fineko/abc.az. Özbəkistan Auditorlar Palatası Şurasının sədri Nemətulla Kərimov Azərbaycan Auditorlar Palatasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin ilk fəaliyyət ili üçün bir sıra təkliflər səsləndirib.

Bunlara ixtisasların qarşılıqlı tanınması üzrə yol xəritəsinin hazırlanması, beynəlxalq standartlar terminlərinin vahid lüğətinin yaradılması, rəqəmsal alətlər və təcrübə mübadiləsi, birgə təhsil və sertifikasiya proqramlarının qurulması, eləcə də beynəlxalq standartların hazırlanmasında IFAC çərçivəsində ortaq mövqenin nümayiş etdirilməsi daxildir.

N.Kərimov vurğulayıb ki, mühasibat və audit sahəsində əməkdaşlıq iqtisadi inteqrasiyanın və investor etimadının möhkəmlənməsi üçün vacibdir. Özbəkistanın birlikdə uzunmüddətli strateji öhdəliklər götürdüyünü bildirən palata sədri assosiasiyanın növbəti tədbirlərindən birini Daşkənddə keçirməyə hazır olduqlarını diqqətə çatdırıb.