AİB Azərbaycanda 160 layihəyə 5.6 milyard dollar ayırıb

15:01 - 14.09.2026


14 Sentyabr, Fineko/abc.az. Maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan AİB-in Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb.

 Görüşdə Azərbaycanın AİB-ə üzvlüyü dövründə bank tərəfindən 160 layihə üzrə ümumilikdə 5,6 milyard ABŞ dolları həcmində maliyyələşdirmə həyata keçirildiyi vurğulanıb.

Tərəflər 2025-2029-cu illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-suveren əməliyyatların genişləndirilməsi və özəl kapitalın cəlb edilməsi prioritetlərini müzakirə ediblər.

Görüş çərçivəsində CAREC Proqramı üzrə nəqliyyat, enerji və ticarət sahələrində birgə təşəbbüslərin vacibliyi diqqətə çatdırılıb. Həmçinin icrası davam edən "Azərbaycan Dəmir Yolları Rəqəmsal Transformasiya Layihəsi" və enerji, nəqliyyat, su təchizatı sektorlarında hazırlanmaqda olan yeni birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.