Çinin Avropada avtomobil satışları iki dəfədən çox artıb

16:58 - 26.11.2026


26 Noyabr, Fineko/abc.az. Çinli avtomobil istehsalçıları hibrid modellərə artan tələbat hesabına Avropa bazarındakı satışlarını kəskin artırıblar.

“Dataforce” bazar araşdırmaları şirkətinin məlumatına əsasən, ötən ay Avropada Çin markalı avtomobillərin qeydiyyatı illik müqayisədə 103 faiz artaraq 151 112 ədədə çatıb və ümumi bazarın 13,6 faizini təşkil edib. Bu göstərici sentyabr ayında qeydə alınan 14,5 faizlik rekord paydan sonra aylıq bazada ikinci ən yüksək nəticə olub.

Artan rəqabət fonunda Avropa İttifaqı dekabrın 1-dən etibarən Çin istehsalı olan hibrid avtomobillərin idxalına məhdudiyyətlər tətbiq etməyə və elektromobillərə əlavə gömrük rüsumları gətirməyə hazırlaşır.

Ticarət maneələrini aşmaq üçün Çin istehsalçıları Avropada yerli istehsalı genişləndirirlər: “BYD” Macarıstandakı zavodu ilə yanaşı Fransanın Hambah şəhərindəki müəssisəni almaq üçün danışıqlar aparır, “Chery” Barselonada istehsala hazırlaşır, “Leapmotor” isə “Stellantis” ilə birgə müəssisə çərçivəsində İspaniyanın Saraqosa zavodunda “B10” modelinin buraxılışına başlayıb.