Azərbaycanın pomidor ixracından gəlirləri 13% artıb

17:09 - 26.11.2026


26 noyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycandan xaricə 180,5 milyon dollar dəyərində 149,1 min ton pomidor ixrac olunub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac həcmi 1,9% (2,7 min ton), gəlirlər isə 13% (20,7 milyon dollar) artıb.

Dəyər artımı əsasən ixrac qiymətinin yüksəlməsi ilə bağlıdır. Belə ki, ötən ilin ilk on ayında bir ton pomidorun orta ixrac qiyməti 1 092 dollar idisə, bu il 10,9% (119 dollar) artaraq 1 210 dollara (kiloqramı 1,21 dollara) çatıb.

Digər tərəfdən, Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsasən, noyabrın 1-dək ölkədə ümumi tərəvəz yığımı ötən illə müqayisədə 3,9% azalaraq 1 milyon 667,5 min ton təşkil edib.