İlk yarımildə icmal büdcədə 4.6 milyard manat profisit yaranıb

12:26 - 27.07.2026


27 iyul, Fineko/abc.az. 2026-cı ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 19179,2 milyon manat, xərcləri 16775,5 milyon manat olmuş, 2403,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

ABC.AZ Maliyyə Nazirlitinə istinadən xəbər verir ki, 2026-cı ilin ilk altı ayı ərzində dövlət büdcəsinin gəlirləri 18828,9 milyon manat proqnoza qarşı 19179,2 milyon manat və yaxud 350,3 milyon manat (1,9 faiz) çox icra edilib. Bu cari ilin dövlət büdcəsinin illik proqnozlaşdırılan gəlirlərinin 49,7 faizinə bərabərdir.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 2,8 faiz çox icra edilməklə 12759,2 milyon manat təşkil edib.

Dövlət büdcəsinin gəlirlərinin 8842,7 milyon manatı və ya 46,1 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 6420,0 milyon manatı və ya 33,5 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 3143,6 milyon manatı və ya 16,4 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 350,7 milyon manatı və ya 1,8 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 28,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 394,0 milyon manatı və ya 2,1 faizi sair daxilolmaların payına düşür.

2026-cı ilin ilk altı ayında icmal büdcənin gəlirləri 24413,9 milyon manat, xərcləri isə 19824,3 milyon manat icra olunmuşdur. İcmal büdcədə 4589,6 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 4295,4 milyon manat, xərcləri 4123,7 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 125,2 milyon manat, xərcləri 78,1 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 1012,3 milyon manat, xərcləri 1153,8 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8540,2 milyon manat, xərcləri 6434,3 milyon manat məbləğində icra olunub.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 218,4 milyon manat, xərcləri 215,7 milyon manat təşkil edib.