Qeyri-maddi aktivləri son altı ayda 12,2 min manat azalan Bank hesabat açıqladı

14:49 - 9.07.2026


9 iyul, Fineko/abc.az. "Bank Melli İran"ın Bakı filialı hesabat dövrünün sonuna aid maliyyə göstəricilərini açıqlayıb. Məlumata görə, filialın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 1 milyon 241 min manat (1%) artaraq 121 milyon 532 min manata bərabər olub.

Hesabat dövründə bankın nağd pul vəsaitləri və digər banklardakı müxbir hesabları 2,6% artaraq 37 milyon 23 min manat, müştərilərə verilmiş kreditlər isə 4% artaraq 2 milyon 402 min manat təşkil edib. Filialın ödəniş tarixinədək saxlanılan qiymətli kağızlara investisiyaları kəskin şəkildə — 2,7 dəfə artaraq 59 milyon 54 min manata yüksəlib. Əvəzində isə maliyyə institutlarından alınacaq vəsaitlər son altı ayda 3,1 dəfə azalaraq 17 milyon 637 min manata düşüb.

Digər göstəricilərə gəlincə, bankın mənfəət vergisi aktivləri 245,7 min manat, digər aktivləri isə 3% artımla 2 milyon 74 min manat olub.