Yaponiyada ərzaq qiymətlərinin artımı 20 min adda məhsulu əhatə edəcək

17:33 - 2.07.2026


2 iyul, Fineko/abc.az. Yaponiyada bu il ərzaq və içkilərin qiymət artımının artıq ikinci il ardıcıl olaraq 20 000 adda məhsulu əhatə edəcəyi gözlənilir.

Bu barədə 2 iyul tarixində The Asahi Shimbun məlumat yayıb.

Teikoku Databank Ltd. tərəfindən 195 ən iri istehsalçı arasında aparılan sorğu zamanı qiymət artımına səbəb kimi şirkətlərin 92,5%-i xammal xərclərinin artmasını, 71,9%-i logistika xərclərini, 69,8%-i isə qablaşdırma və digər material xərclərini göstərib.

Bütün bu amillərə xam neft qiymətlərinin artımı təsir göstərir ki, bu da şirkətlərin Yaxın Şərqdəki münaqişə ilə bağlı artan xərcləri məhsul qiymətlərinə əks etdirdiyini göstərir.

Kateqoriyalar üzrə ən çox qiymət artımı planlaşdırılan məhsullar emal olunmuş qida məhsulları, o cümlədən dondurulmuş məhsullar olub. Onların ardınca ədviyyatlar, alkoqollu və alkoqolsuz içkilər gəlir.