Sığorta növlərinin əsasında könüllü sığorta məhsulları dayanır - AMB baş direktoru

11:57 - 30.06.2026


30 iyun, Fineko/abc.az. Hazırda sığorta ənənəsi zəif olan ölkələrdə icbari modelə üstünlük verilir.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov Bakıda keçirilən "Əmlak sığortası və risklərin qorunması: evlərin və bizneslərin təhlükəsizliyinin təmin edilməsi" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, ümumilikdə sığorta bazarında icbari sığorta növlərinin əsasında könüllü sığorta məhsulları dayanır: "Yəni hər hansı sığorta növü icbari xarakter almamışdan əvvəl sığorta prinsipləri əsasında formalaşdırılır, təminatlar, sığorta haqları və digər şərtlər strukturlaşdırılır. Məsələn, elektron cihazların sığortasında əsas diqqət yanğın riskindən daha çox cihazın daxili nasazlıqları və elektron zədələnmələrə yönəlir. Eyni yanaşma avadanlıq və dəzgahların sığortasında da tətbiq edilir. Bu halda kənar təsirlərdən çox, avadanlığın işləmə mexanizmində, hissələrində və çarxlarında yaranan nasazlıqlar nəticəsində dəyən zərərlər sığorta təminatına daxil edilir".

V.Qurbanov vurğulayıb ki, daşınmaz əmlakın sığortası isə bu baxımdan fərqlənir: "Beynəlxalq təcrübədə bu sahə daha çox iri təbii fəlakətlər və digər qlobal hadisələrdən sonra təkmilləşdirilib. Dövlətlər bu cür hadisələrin həm əhali, həm də dövlət büdcəsi üçün yaratdığı fiskal yükü azaltmaq məqsədilə daşınmaz əmlakın sığortasını icbari edib. Sığorta risklərin idarə olunması mexanizmidir və bu sistemdə risklər sığorta şirkətlərinə ötürülür. Sığorta ənənələrinin zəif formalaşdığı cəmiyyətlərdə isə bu mexanizmin geniş tətbiqi üçün dövlətlər daha çox icbari sığorta modelinə üstünlük verirlər. Azərbaycanda da daşınmaz əmlakın sığortası məhz bu səbəbdən icbari xarakter daşıyır".

©Report