15:49 - 25.06.2026
25 iyun, Fineko/abc.az. Orta Dəhlizin əhəmiyyəti olduqca böyükdür və onun digər dəhlizlərlə müqayisədə bir sıra üstünlükləri mövcuddur.
ABC.AZ xəbər verir ki, bunu "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.
O qeyd edib ki, şübhəsiz ki, burada coğrafi mövqe, məsafələr, infrastruktur imkanları ilə yanaşı, gömrük tənzimlənməsi də əhəmiyyətli rol oynayır. "Bundan əlavə, tranzit potensialının genişlənməsi ilə paralel olaraq infrastrukturun da təkmilləşdirilməsi həyata keçirilir.
Məlumdur ki, dövlət səviyyəsində ölkəmizdən keçən tranzit məhsul və yüklərin daşınma həcminin artırılmasına, tranzit imkanlarının genişləndirilməsinə dair müvafiq sərəncam imzalanıb. Həmin sənəd 2024-2026-cı illəri əhatə edir və biz bu istiqamətdə artıq fəal şəkildə işlərimizi həyata keçiririk.
Digər qurumlarla birlikdə məlumdur ki, tranzit potensialının və yük axınının inkişafı üçün bir sıra tədbirlərin görülməsi zəruridir. Bu, ilk növbədə yol infrastrukturunun, keçid imkanlarının və digər istiqamətlər üzrə təkmilləşmənin təmin edilməsini nəzərdə tutur. Lakin əsas məsələlərdən biri də gömrük tənzimlənməsi və gömrük qaydalarının tətbiqi vasitəsilə tranzit əməliyyatlarının asanlaşdırılmasıdır" - deyə, DGK sədri qeyd edib.