12:36 - 22.06.2026
22 iyun, Fineko/abc.az. "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində 20 min hektar torpaqda konsolidasiya aparılacaq.
ABC.AZ xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Dövlət Proqramı çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.
Onun sözlərinə görə, Şirvan–Salyan iqtisadi rayonunda kənd təsərrüfatının inkişafına təsir göstərən əsas amillərdən biri torpaq sahələrinin xırda və parçalanmış formada olmasıdır:
"Bir fermerə məxsus və ya onun istifadəsində olan sahələrin müxtəlif ərazilərdə yerləşməsi suvarma işlərinin, aqrotexniki tədbirlərin və texnika xidmətlərinin səmərəli təşkilini çətinləşdirir. Kiçik və nizamsız torpaq sahələrində müasir suvarma sistemlərinin qurulması, lazer hamarlamanın aparılması, iri kənd təsərrüfatı texnikalarının istifadəsi və düzgün növbəli əkin sisteminin tətbiqi iqtisadi baxımdan səmərəli olmur".
“Dövlət Proqramı çərçivəsində Qəbələ və Salyan rayonları torpaq konsolidasiyası üzrə pilot rayonlar kimi müəyyən edilib. Bu iki rayonda ümumilikdə 20 min hektar sahədə torpaqların konsolidasiyası, təsərrüfatdaxili suvarma şəbəkələrinin qurulması və kadastr xəritələrinin yenilənməsi nəzərdə tutulur. Konsolidasiya mexanizmi hazırlanacaq normativ hüquqi aktlar, mülkiyyət və istifadə hüquqlarının qorunması, habelə tərəflərin mənafelərinin nəzərə alınması prinsipləri əsasında tətbiq edilməlidir. Konsolidasiya ilə paralel olaraq torpaq sahələrinin sərhədləri, istifadə vəziyyəti, şorlaşma səviyyəsi, su təminatı və istehsal potensialı rəqəmsal xəritələr əsasında qiymətləndiriləcək. Bu məlumatlar hansı ərazilərin pambıq, taxıl, yem bitkiləri, bostan və digər məhsullar üçün daha uyğun olduğunu müəyyənləşdirməyə imkan verəcək”, - nazir müavini əlavə edib.
20 İyun 2026
20 İyun 2026