Polşada kosmetika sektorunda irimiqyaslı ƏDV-dən yayınma sxemi aşkar edilib

18:44 - 18.06.2026


18 iyun, Fineko/abc.az. Sileziya Gömrük və Vergi İdarəsinin ekspertləri Polşa və Avropa İttifaqından olan onlarla şirkətin iştirakı ilə kosmetika sənayesində irimiqyaslı ƏDV-dən (Əlavə Dəyər Vergisi) yayınma şəbəkəsinin üstünü açıblar.

ABC.AZ xəbər verir ki, "RMF24" agentliyinin məlumatına görə, cinayətkar şəbəkə tədarük zəncirlərini gizlətmək və uydurma ticarət əməliyyatları formalaşdırmaq üçün heç bir işçisi və aktivi olmayan "fantom" (müqəvva) şirkətlərdən istifadə edib. Şirkətlərin idarə edilməsi nominal şəxslər (fiqurlar) tərəfindən həyata keçirilsə də, prosesin əsl təşkilatçıları malların və sənədlərin hərəkətini gizlədiblər.

Vergi yoxlamaları zəncirin 38 iştirakçısını əhatə edib və ümumilikdə 534 milyon zlotidən (təxminən 133,5 milyon ABŞ dolları) çox vəsaitin dövriyyəsində qanun pozuntuları aşkar olunub.

Dövlətə dəymiş ziyanın ödənilməsini təmin etmək məqsədilə 4 şirkətin hesabları bloklanıb — 865 min avrodan (təxminən 940 min dollar) və 50 min zlotidən (təxminən 12,5 min dollar) çox vəsaitə həbs qoyulub.

Hazırda sxemin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilməsi istiqamətində araşdırmalar davam edir. İlkin qiymətləndirmələrə görə, fırıldaqçıların fəaliyyəti nəticəsində Polşa dövlət xəzinəsinə dəymiş ziyanın həcmi təxminən 800 milyon zlotiyə yaxındır.