Axios: ABŞ və İran sabah tarixi sülh memorandumunu onlayn imzalayacaq

21:36 - 13.06.2026


13 iyun, Fineko/abc.az. ABŞ və İran arasında təxminən üç aydır davam edən gərgin danışıqlardan sonra tərəflər arasında ilk rəsmi sənədin imzalanacağı dəqiq tarix məlum olub.

ABC.AZ "Axios" nəşrinə istinadən xəbər verir ki, bazar günü (sabah) ABŞ və İran Pakistan və Qətərin vasitəçiliyi ilə virtual (onlayn) formatda Anlaşma Memorandumu imzalayacaqlar. Rəsmi şəxslər görüşün fiziki olaraq deyil, onlayn keçirilməsini əsasən logistik çətinliklərlə əlaqələndiriblər.

"İslamabad Memorandumu" adı verilən sənədin əsas bəndləri:

  • Atəşkəsin uzadılması: İmzalanacaq memorandum çərçivəsində mövcud atəşkəs rejimi daha 60 gün müddətinə uzadılacaq (bura Livan cəbhəsi də daxildir).

  • Hörmüz boğazının açılması: Qlobal enerji daşımaları üçün kritik əhəmiyyətə malik olan Hörmüz boğazı dərhal nəqliyyat vasitələrinin tranziti üçün tamamilə açılacaq və heç bir keçid rüsumu tətbiq edilməyəcək.

  • Nüvə danışıqlarının başlaması: 60 günlük atəşkəs dövründə tərəflər İranın nüvə proqramı və zənginləşdirilmiş uran ehtiyatlarının taleyi ilə bağlı genişmiqyaslı rəsmi danışıqlara başlayacaqlar. Bunun müqabilində ABŞ İrana qarşı sanksiyaları mərhələli şəkildə yumşaldacaq.