10:36 - 12.06.2026
12 iyun, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına (ÇXR) işgüzar səfəri çərçivəsində Çinin Baş Gömrük Administrasiyasının rəhbərliyi ilə görüşü keçirilib.
ABC.AZ xəbər verir ki, görüşdə Azərbaycanla Çin arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluq ifadə olunub, eyni zamanda, iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafı yüksək qiymətləndirilib.
Qeyd olunub ki, AQTA ilə ÇXR Baş Gömrük Administrasiyası arasında qida məhsullarının təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində müntəzəm əməkdaşlıq həyata keçirilir.
Görüş zamanı Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Çin bazarına çıxış imkanlarının daha da genişləndirilməsi, idxal-ixrac əməliyyatlarının inkişafı, rəqəmsal həllərin tətbiqi, sertifikatlaşmanın qarşılıqlı şəkildə tanınması, eləcə də təhlükəsiz və səmərəli ticarətin təşviqi ilə bağlı aktual məsələlər barədə razılaşmalar əldə edilib.
Daha sonra AQTA sədri Qoşqar Təhməzli və ÇXR-in Baş Gömrük Administrasiyasının naziri xanım Sun Meycun iki qurum arasında rəsmi əməkdaşlıq sənədlərini imzalayıblar.
Bunlar “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyası arasında Çinə vəhşi su mühiti məhsullarının ixracı üzrə inspeksiya və karantin tələblərinə dair Protokol”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyası arasında Çinə yetişdirilmə (akvakultura) su mühiti məhsullarının ixracı üzrə inspeksiya və karantin tələblərinə dair Protokol” və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyası arasında Çinə quş ətinin ixracı üzrə inspeksiya, karantin və qida təhlükəsizliyi tələblərinə dair Protokol”dur. İmzalanan sənədlər quş əti və digər quşçuluq məhsullarının, akvakulturada yetişdirilən və vəhşi təbiətdən əldə olunan dəniz məhsullarının Çin bazarına ixracı üçün hüquqi əsas verərək yerli məhsulların ixracında maraqlı olan sahibkarlar üçün də yeni imkanlar açır.
Qeyd edək ki, imzalanan sənədlər ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasına öz mühüm töhfəsini verəcəkdir.
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026