İran Hörmüz boğazında rüsumlar üçün valyuta hesabları açıb

10:40 - 28.04.2026


28 aprel, Fineko/abc.az. İran Mərkəzi Bankı Hörmüz boğazından keçidə görə ödənişlərin yığılması üçün rial, yuan, avro və dollarla dörd hesab açıb.

ABC.AZ xəbər verir ki, bu barədə parlamentin milli təhlükəsizlik komissiyasının üzvü Alaəddin Borucerdi məlumat verib.

Bu rüsumlar İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi-dəniz qüvvələri tərəfindən yığılacaq və həmin hesablara köçürüləcək; müvafiq göstərişlər artıq dərc olunub.

Bundan əvvəl SEPAH Hörmüz boğazından gizli keçməyə cəhd edən və Tasnim-in məlumatına görə, dəfələrlə gəmiçilik qaydalarını pozan MSC Francesca və Epaminondas adlı iki konteyner gəmisini saxlayıb.

The Wall Street Journal-ın məlumatına görə, İranda bu məsələ ilə bağlı fikir ayrılığı yaranıb: SEPAH-ın mövqeyi xarici işlər naziri Abbas Əraqçının boğazı “tam açıq” adlandıran bəyanatları ilə ziddiyyət təşkil edir və bu, ölkə daxilində tənqidə səbəb olub.