ABŞ Hörmüz boğazının tam blokadasını elan etdi, lakin məlumatlar fərqlidir

11:41 - 15.04.2026


15 aprel, Fineko/abc.az. “Son sutka ərzində heç bir gəmi ABŞ-ın Hörmüz boğazındakı blokadasını keçməyib”.

ABC.AZ xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) aprelin 15-də rəsmi portalda bildirib.

Komandanlığın rəhbəri Brad Cooper bildirib ki, “İran limanlarının blokadası tam həyata keçirilib” və ABŞ qüvvələri “İranla və İrandan dəniz ticarətini tam dayandırıb”. Həmçinin qeyd olunub ki, altı ticarət gəmisinə Oman körfəzində yerləşən İran limanına geri dönmək əmri verilib.

Dəniz kəşfiyyatı şirkəti Windward analitikləri isə bildirir ki, blokadanın ilk günündə azı iki gəmi boğazdan keçib. Onların arasında ABŞ sanksiyaları altında olan, Çin şirkətinə məxsus Rich Starry tankeri də var. MarineTraffic məlumatına görə, hazırda tanker Omanın Əl-Xasab şəhərinin şərqində yerləşir.

Blokada 13 aprel axşamı İran limanlarına gedən və oradan çıxan bütün dəniz nəqliyyatı üçün tətbiq edilib, lakin digər ölkələrin limanlarına yönələn gəmilərə şamil olunmur. Humanitar yüklərin daşınmasına yoxlamadan sonra icazə verilə bilər.

İranda blokada uğursuzluğa məhkum adlandırılıb. Ona qarşı Rusiya, Çin, Böyük Britaniya, TotalEnergies çıxış edib, Səudiyyə Ərəbistanı və digər neft ixracatçıları isə ABŞ-a blokadanın ləğvi üçün təzyiq göstərir.