AYNA ilə bağlı narazılıqlar haqlıdırmı? - Ekspert şərh edir - Özəl xəbər

14:16 - 1.12.2025


1 dekabr, Fineko/abc.az. 2021-ci ildə təsis edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyəti hələ də hamı tərəfindən birmənalı qəbul olunmur. Agentliyin bəzi addımları, qərarları sürücülərdə, vətəndaşlarda haqlı suallar yaradır.

Elə buna görə də sürücülər AYNA-nın qərarlarını qəbullana bilmirlər. Vətəndaşlar üçün ən çox qaranlıq qalan məqamlardan biri avtobus zolaqlarıdır. Çoxları onsuzda Bakıdakı tıxacların zolaqlardan sonra daha da artdığını və AYNA-nın bu addımını yersiz qərar kimi görür.

Məsələni ABC.AZ-a şərh edən ekspert Eldəniz Cəfərov hesab edir ki, həm sürücü, həm piyada, həm sərnişin olaraq bizə elə gəlir ki, bu zolaqları bizi bir qədər məhdudlaşdırır:

"Amma, avtobusda gedən insanları da düşünmək lazımdır. İctimai nəqliyyatın hərəkəti də sərbəst təmin olunmalıdır. O da var axı.

Təsəvvür eləyin ki, bu avtobus zolağı deyil, tramvay xəttidir. Yəni onda da sürücülər o xəttə çıxmalı olacaqlar? Özü də ki, indi qarşıdan gələn illərdə planda var ki, Bakı və ətraf ərazilərdə tramvay xətti çəkilsin.

İndi biz bu şikayətlərə görə gərək tramvay xətti çəkməyək?. Halbuki, şəhər mühitində tramvaylara çox böyük ehtiyac var. Həm çox sərnişin daşıyır, həm də rels üzərində olduğuna görə maneəsiz hərəkət edir və bir nöqtədən digər nöqtəyə vaxtlı-vaxtında sərnişin gedib çata bilir". Bakı sakinləri AYNA-nı ən çox da velosiped zolaqlarına görə qınayır.

E.Cəfərov isə AYNA-nı bu işdə haqlı hesab edir:

"Velosiped zolaqları 2019-23-cü illəri əhatə edən Dövlət Proqramının əsasında çəkilib. Dövlət proqramında bu var və bunu həyata keçirməli qurum da AYNA-dır. O da bunu eləməlidir. Bunu eləməsə, belə çıxır ki, həmin qurum dövlət proqramını həyata keçirmir. Biz cəmiyyət olaraq artıq dünyada baş verən bu qlobal dəyişikliklərə, yol nəqliyyat sistemindəki dəyişikliklərə xüsusi diqqət yetirməliyik və biz də bu istiqamətdə gedirik. Görürsünüz, taksi sistemi dünyada dəyişib, Azərbaycanda da dəyişir, fərdi mobillik, nəqliyyat vasitələri var - skuterlər, velosipedlər. "Bunlar indi artıq dəbə düşüb. Bu, müasir şəhərlərin tələbidir".

Müəllif: Elmir Muradov