Hələ də bəzi taksi şirkətləri taksi sürücülərinin haqlarını pozur – Ekspert

11:16 - 20.11.2025


20 noyabr, Fineko/abc.az. (Özəl Xəbər) Xatırlayırsınızsa bir müddət əvvəl Azərbaycanda, əsasən Bakı şəhərində taksi xidmətində keyfiyyətin artırılması ilə bağlı bir sıra addımların atılmasına başlanılmışdı.

Prosesin başlamasından xeyli vaxt keçib, hələlik sərnişinlər taksi xidmətindən tam razı qalmasa da, müəyyən dəyişikliklər nəzərə çarpır.

Elə nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov da taksi islahatlarından sonra bu sahədə xeyli müsbət dəyişikliklərin olduğunu deyir.

Məsələni ABC.AZ-a şərh edən ekspert deyir ki, köhnə yararsız avtomobillər artıq taksidə istismar olunmur.

"Takisi sürücülüyü bir peşə kimi təsbit olunub, bu sahədə çalışmaq istəyənlər kurslar keçməli və imtahan verməlidilər. Bununla yanaşı onu da qeyd edim ki, hələ də bəzi taksi şirkətləri taksi sürücülərinin haqlarını pozur, sürücünün qazandığı qeyri-nağd ödəmələr vaxtında sürücüyə qaytarılmır, sürücüləri müxtəlif şirnikləşdirici kampaniyalarla sutka ərzində 16 saat belə işlədilirlər, taksi sürücülərindən 25-30% yüksək komissiyon haqq alırlar. Düşünürəm ki, bu məsələlər də həll olunmalıdır. Ümumilikdə isə biz 3 il əvvəli bugünlə müqayisə etsək, taksi xidmətində xeyli müsbət dəyişikliyi müşahidə edirik. Ən azından sərnişinlərin taksi ilə bağlı şikayətlərinin azalması bunu deməyə əsas verir. Takis daha keyfiyyətli və daha təhlükəsiz olub".

Müəllif: Elmir Muradov