Bakıda növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq

17:40 - 7.08.2025


7 avqust, Fineko/abc.az. Avqustun 9-10-da Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” yarmarkası keçiriləcək.

Nazirlikdən ABC.AZ-a bildirilib ki, tədbirdə ölkənin müxtəlif bölgələrindən - 20 rayondan 25-ə yaxın fermer iştirak edəcək. Fermerlər 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu şəhər sakinlərinə təqdim edəcəklər.

Yarmarka iki gün ərzində, saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.
Yarmarkada iştirak edən fermerlərə piştaxtalar, tərəzilər və digər zəruri avadanlıqlar ödənişsiz şəkildə təqdim olunur.