10:22 - 22.07.2025
22 iyul, Fineko/abc.az. Avtomobil nəhəngi “Stellantis” bu ilin ilk altı ayını 2,3 milyard avro zərərlə başa vurub.
ABC.AZ xəbər verir ki, bu barədə şirkət yayımladığı ilkin yoxlanılmamış nəticələr hesabatında məlumat verib.
Zərərə əsas səbəb kimi mühərrik, hava yastıqları nasazlıqları və ABŞ-ın tətbiq etdiyi yeni gömrük tarifləri göstərilir. “Peugeot”, “Citroën”, “Fiat”, “Chrysler” və digər markaları özündə birləşdirən fransız-italyan-amerikan mənşəli avtomobil istehsalçısı qeyd edib ki, 300 milyon avro məbləğində zərər yalnız ABŞ-ın yeni gömrük tariflərinin ilk təsirləri ilə əlaqədardır.
Bundan əlavə, bəzi modellərin istehsalının dayandırılması və məhsul çeşidində dəyişikliklər də zərərə səbəb olub.
Son aylarda mühərrik nasazlıqları və hava yastıqlarındakı qüsurlar səbəbilə on minlərlə avtomobil geri çağırılıb ki, bu da şirkətin fəaliyyətinə ciddi zərbə vurub.
Bu ilin ilk altı ayında “Stellantis”in dövriyyəsi 74,3 milyard avro təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz azdır. Eyni zamanda, ikinci rübdə dilerlərə çatdırılan avtomobillərin sayı 6 faiz azalaraq 1,45 milyon olub. 2024-cü ilin ilk yarısında şirkət 5,6 milyard avro xalis mənfəət əldə etmişdi.
30 İyul 2026