Türkiyə buna görə quru və dəniz logistika marşrutlarını fəal şəkildə inkişaf etdirir

10:52 - 23.06.2025


23 iyun, Fineko/abc.az. Türkiyə Fars körfəzi ölkələrindən neft və qaz ixracı üçün əsas nəqliyyat arteriyası olan Hörmüz boğazının mümkün bağlanması risklərini minimuma endirmək üçün quru və dəniz logistika marşrutlarını fəal şəkildə inkişaf etdirir.

ABC.AZ xəbər verir ki, bu barədə  Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

“Boğazın bağlanacağı təqdirdə etibarlı alternativlərə ehtiyacımız var, ona görə də biz “İnkişaf Yolu” və “Orta Dəhliz” layihələrini həyata keçiririk”, – deyə nazir izah edib.

Onun sözlərinə görə, “İnkişaf Yolu”nun 2,1 min km-i Türkiyə ərazisindən keçir və bura təxminən 24 milyard dollar sərmayə qoyulması planlaşdırılır. Paralel olaraq Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (“Orta Dəhliz”) gücləndirilir ki, burada da marşrutun 2,2 min km-i Türkiyədən keçir. Bu marşrutun əsas hissələrinin tikintisi artıq başa çatıb.