Əyləncə və oyun turizmi bölgələrə xarici turist axınını artırır - Deputat

15:22 - 21.06.2025


21 iyun, Fineko/abc.az. Dünya təcrübəsi göstərir ki, əyləncə və oyun turizmi bölgələrə xarici turist axınını artırır.

ABC.AZ xəbər verir ki, bunu deputat Azər Əmiraslanov parlamentin plenar iclasında bildirib.

Deputatın sözlərinə görə, əyləncə və oyun turizmi hotellər, restoranlar və digər xidmət sahələrində yeni iş yerlərinin açılmasına, həmçinin xarici və yerli investisiyaların turizm infrastrukturuna cəlb olunmasına səbəb olur:

“Bu sahə büdcəyə əlavə gəlir gətirir, ölkəyə xarici valyuta axınını təmin edən iqtisadi kanallardan birinə çevrilir. Lakin burada əsas vurğulanmalı məqam ondan ibarətdir ki, hazırda müzakirə edilən “Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi heç bir halda ölkədə "kazino iqtisadiyyatı" və ya oyun şəbəkəsinin qurulması məqsədi daşımır. Belə fikirlər varsa, tamamilə yanlışdır”. A. Əmiraslanov qeyd edib ki, oyun biznesi sadəcə “premium” və "elit" turizmin əlavə bir komponentidir: “Bu sahənin gələcəkdə müəyyən dolayı iqtisadi təsirləri ola bilər, lakin o nə sahibkarlıq fəaliyyətinin, nə də qeyri-neft sektorunun əsasını təşkil edir. Nə dövlətimiz, nə də cəmiyyətimiz ölkənin iqtisadi inkişaf perspektivlərini bu sahə ilə bağlayır”.