Mərkəzi Bankda struktur dəyişikliyi: Departamente yeni səlahiyyətlər verildi

10:17 - 14.09.2026


14 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankında (AMB) “Bazar davranışlarının tənzimlənməsi departamenti”nin adı dəyişdirilərək “Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti” olub.

Yeni Əsasnamə 10 sentyabr 2026-cı ildən qüvvəyə minib. Bununla da AMB İdarə Heyətinin 7 mart 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş əvvəlki Əsasnamə ləğv edilib.

Dəyişiklik təkcə adla məhdudlaşmayıb. Yeni Əsasnaməyə əsasən, departamentə bank və sığorta şirkətlərinin bazar davranışlarına birbaşa nəzarət, risk profillərinin müəyyənləşdirilməsi, yoxlamaların və monitorinqlərin aparılması, test məqsədli alışların həyata keçirilməsi, eləcə də nəzarət tədbirləri üzrə təkliflərin hazırlanması kimi əlavə səlahiyyətlər verilib.

Departamentin strukturu da dəyişdirilib. Hazırda onun tərkibində “Bazar davranışlarına nəzarət şöbəsi” və “Bazar davranışlarının tənzimlənməsi və nəzarətin metodologiyası şöbəsi” fəaliyyət göstərir.

Hazırda departamentin direktoru Tamerlan Əliyev Xaqani oğludur.