14:52 - 21.06.2025
21 iyun, Fineko/abc.az. Azərbaycanda “premium” və "elit" seqmentli turizmin inkişafı üçün real perspektivlər mövcuddur.
ABC.AZ xəbər verir ki, bunu deputat Azər Əmiraslanov parlamentin plenar iclasında bildirib.
Deputat qeyd edib ki, dünya təcrübəsi süni torpaqlar üzərində aparılan tikinti və infrastruktur layihələrinin böyük həcmdə investisiya tələb etdiyini göstərir:
“Belə layihələrin reallaşdırılması üçün sahibkarlıq fəaliyyətinin təşviqinə geniş imkanlar yaradılır. Bu isə həm həmin ərazilərin inkişafına, həm də yeni iqtisadi platformaların formalaşmasına töhfə verir”.
A.Əmiraslanov vurğulayıb ki, süni torpaq sahələrinin yaradılması və burada müasir infrastrukturun qurulması Azərbaycanın innovativ təşəbbüslərinin, iqtisadi potensialının və maliyyə imkanlarının bariz nümunəsidir.
Onun sözlərinə görə, bu sahədə ən perspektivli istiqamət “premium” və "elit" turizmin inkişafıdır: “Azərbaycanda bu turizm seqmentinin inkişafı üçün təşəbbüslər və imkanlar mövcuddur. Bu istiqamət yüksək keyfiyyətli xidmət, müasir infrastruktur, komfortlu istirahət şəraiti və əyləncə yönümlü əlavə imkanlarla müşayiət olunmalıdır”. (Report)
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026