İran Qırğızıstana 50 milyon avro ayıracaq

14:58 - 30.04.2025


30 aprel, Fineko/abc.az. Qırğızıstan və İran investisiya əməkdaşlığını gücləndirmək barədə razılığa gəlib. Belə ki, iki ölkə iqtisadi əlaqələrin inkişafını əlaqələndirəcək birgə investisiya komitəsi yaradacaq.

ABC.AZ xəbər verir ki, bu barədə memorandum Tehranda Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov və İranın Milli İnkişaf Fondunun rəhbəri Mehdi Qəzənfəri tərəfindən imzalanıb.

İran Qırğızıstana texniki və mühəndislik xidmətlərinin ixracını maliyyələşdirmək üçün 50 milyon avro məbləğində kredit xətti açacaq. Bişkek sənaye, energetika, infrastruktur və digər strateji sahələrə İran investisiyalarını cəlb etməyi planlaşdırır.

Tərəflər əldə olunan razılaşmaların qarşılıqlı ticarət dövriyyəsinin artımına təkan verəcəyinə ümid etdiklərini bildiriblər.