Bu ölkənin məktəblərində və uşaq bağçalarında palma yağı qadağan edilə bilər

11:40 - 29.04.2025


29 aprel, Fineko/abc.az. Rusiyada məktəblərə, universitetlərə və uşaq bağçalarına tədarük olunan süd, çörək və qənnadı məhsullarında palma yağının istifadəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlanır.

ABC.AZ xəbər verir ki, sənəd Dövlət Dumasının yaz sessiyasında, spiker Vyaçeslav Volodinin tapşırığı ilə təqdim olunacaq.

Aqrar məsələlər komitəsinin sədri Vladimir Kaşin izah edib ki, palma yağı keyfiyyətinə görə digər yağlardan geri qalır və tez-tez məhsulların saxtalaşdırılmasında istifadə olunur. Qadağa dövlət satınalmalarının texniki şərtlərində əksini tapmalıdır.
Rusiya Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, təşəbbüsü nəzərdən keçirəcək. İstehsalçılar isə xəbərdarlıq edirlər: palma yağını bəzi sahələrdə tamamilə əvəzləmək çətindir, lakin onun gizli istifadəsi hələ də problem olaraq qalır. Dövlət Dumasında həmçinin süd məhsullarının saxtalaşdırılmasına görə cərimələrin dövriyyənin 15%-dək artırılması məsələsi müzakirə olunur.