Azərbaycanın karbon emissiyalarını sürətlə azaltmaq üçün 44 milyard dollar lazımdır

12:15 - 18.10.2024


18 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi, Bakıda keçirilən Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirib ki, banklarımız 2060-cı ilə qədər yaşıl maliyyəyə 17 milyard dollar vəsait yönləndirməlidir.

ABC.AZ xəbər verir ki, Z.Nuriyev bildirib ki, məsələyə ölkə miqyasında baxdıqda isə Dünya Bankı Qrupunun İqlim və İnkişaf Hesabatında Azərbaycanın karbon emissiyalarını sürətlə azaltmaq üçün 2060-cı ilə qədər 44 milyard dollar məbləğində investisiyaya ehtiyac olduğu bildirilir.

Bu investisiyaların əhəmiyyətli bir hissəsi özəl sektorun, eləcə də bank sektorunun iştirakı ilə - 60%-i hökumət və ictimai qurumlar tərəfindən, qalan 40%-i isə banklar tərəfindən maliyyələşdirilməsi təmin edilə bilər.

Bu çağırışların öhdəsindən gəlmək üçün həm dövlət sektoru, həm də özəl sektor tərəfindən investisiyaların cəlb edilməsinə dəstək verilməlidir. Dövlət və beynəlxalq maliyyə qurumları, eləcə də xarici investorlar ilə əməkdaşlıq gücləndirilməli, banklar tərəfindən yaşıl kreditlər və digər iqlim maliyyə alətləri təqdim edilməlidir. Yaşıl maliyyə üçün dövlət-özəl tərəfdaşlıqları genişlənməli, banklar yaşıl kreditlər və dayanıqlı maliyyə alətləri ilə bazara dəstək verməlidir.