16:40 - 3.10.2024
3 oktyabr, Fineko/abc.az. 2024-cü ildə ən yüksək yaşam keyfiyyəti olan ölkələr arasında Danimarka birinci yeri tutub.
ABC.AZ xəbər verir ki, siyahı “U.S. News and World Report” tərəfindən dərc edilib.
Sözügedən reytinq cədvəlində mart-may ayları çərçivəsində keçirilmiş sorğu 17,000 insan arasında baş tutub. Sorğulara əsasən hazırlanan siyahıda, Danimarka özünün təhsil, səhiyyə, siyasi və iqtisadi sabitlik göstəriciləri ilə fərqlənir.
Bu, ölkədə yüksək vergilərin olmasına baxmayaraq, pulsuz səhiyyə və təhsil, uşaqlar üçün güzəştlər, həmçinin təqaüdçülər üçün təminatlar sayəsində balanslaşdırılır.
Danimarkanın arxasınca İsveç, İsveçrə və Norveç kimi ölkələr gəlir.
2024-cü ildəki siyahıda ən yaxşı 10 ölkə belədir:
Danimarka
İsveç
İsveçrə
Norveç
Kanada
Finlandiya
Almaniya
Avstraliya
Niderland
Yeni Zelandiya
Danimarka həmçinin "Expats" (xarici vətəndaşlar) üçün iş məmnuniyyətində birinci yerdə qərarlaşıb. Xarici vətəndaşların 84%-i ölkədə iş-yaşam balansından razıdır. Ümumdünya Xoşbəxtlik Hesabatına görə isə Danimarka 2024-cü ildə dünyanın ikinci ən xoşbəxt ölkəsi kimi tanınıb. Ölkənin yüksək bərabərlik səviyyəsi və sosial rifah məsələlərindəki məsuliyyəti bu xoşbəxtliyin əsas amilləri kimi qeyd olunur.
ABŞ isə ümumi reytinqdə üçüncü olsa da, yaşam keyfiyyəti siyahısında 22-ci yerdədir. ABŞ xüsusilə yaşayış xərcləri və siyasi bürokratiya kimi göstəricilərdə zəif nəticələr göstərib, lakin yaxşı iş bazarı göstəricilərinə görə 13-cü sıradadır.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026