Ərdoğan: Türkmənistan qazının Türkiyəyə və oradan da Avropaya nəqlinin başlanması vaxt məsələsidir

15:06 - 4.06.2024


4 iyun, Fineko/abc.az. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan təbii qazının Avropaya Türkiyə vasitəsilə nəqlinin başlanmasını zaman məsələsi adlandırıb.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə liderinin Bakıda başlanan 29-cu "Xəzər Neft və Qaz" beynəlxalq sərgisinin və 12-ci Xəzər Beynəlxalq Sərgisinin iştirakçılarına müraciətində deyilir.

"Həyata keçirdiyimiz Bakı - Tbilisi - Ceyhan, Bakı - Tbilisi - Ərzurum və Transanadolu qaz kəməri (TANAP) kimi İnfrastruktur İnvestisiyaları ilə çoxillik əməkdaşlığımız təkcə Türkiyə və Azərbaycana fayda gətirmədi, həm də regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdi", - deyə Ərdoğan qeyd edib. 

O əlavə edib ki, layihənin icrası TANAP qaz kəmərinin gücünü artıracaq.

Türkmənistan qazının Trans-Anadolu qaz kəmərinə qoşulması üzrə ilk addım 14 dekabr 2022-ci ildə Türkiyə, Azərbaycan və Türkmənistan dövlət başçılarının birinci Sammitində atılıb. Həmin vaxtda üç ölkə arasında Türkmənistan qazının Türkiyə və Avropaya nəqli ilə bağlı anlaşma memorandumu imzalanmışdı.