Azərbaycan Mərkəzi Bankı bu departamentə şöbə rəisi axtarır

12:02 - 5.10.2026


5 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Maliyyə bazarlarının hüquqi təminatı departamentinin Sektorlararası hüquqi təminat şöbəsinə rəis vəzifəsi üzrə vakansiya elan edib. Nəzərdə tutulan vakansiya üçün namizədlərdən hüquqşünaslıq sahəsi üzrə ali təhsil, habelə maliyyə və ya iqtisadi sektorda hüquqşünas ixtisası üzrə azı 5 il iş təcrübəsi tələb olunur.

Vəzifə tutacaq şəxs Mərkəzi Bankın normayaratma fəaliyyətində iştirak etmək, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, bazar davranışları, maliyyə sabitliyi və dayanıqlı inkişaf kimi istiqamətlər üzrə normativ-metodoloji sənədlərin hüquqi ekspertizasını həyata keçirmək öhdəliyi daşıyacaq.

Həmçinin maliyyə bazarları ilə əlaqəli sahələr üzrə qanunvericilikdəki hüquqi kolliziya və boşluqları müəyyən edərək təklif və akt layihələri hazırlamaq, daxil olan hüquqi sənədlərə rəy vermək, nəzarət subyektlərində keçirilən nəzarət tədbirlərinə hüquqi dəstək göstərmək və aidiyyəti arayışlar hazırlamaq da şöbə rəisinin əsas öhdəliklərinə daxildir.