İcbari Sığorta Bürosu "Sığorta haqqını hesabla" yeni rəqəmsal xidmətini istifadəyə verib

15:12 - 5.10.2026


5 Oktyabr, Fineko/abc.az. İcbari Sığorta Bürosu (İSB) sığorta xidmətlərinin rəqəmsallaşdırılması və vətəndaşların sığorta məlumatlarına çıxışının asanlaşdırılması çərçivəsində “Sığorta haqqını hesabla” yeni rəqəmsal funksionallığını istifadəyə verib.

Yeni xidmət avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqını real vaxt rejimində onlayn hesablamağa imkan yaradır.

Vətəndaşlar İSB-nin rəsmi internet səhifəsindəki (www.isb.az) Şəxsi Kabinetə "myGov ID", "SİMA İmza", "ASAN imza" və ya "e-imza" ilə daxil olaraq, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı və texniki pasport nömrəsini daxil etməklə yekun sığorta haqqını, sığortalı günlərin sayını və tətbiq olunan Bonus-Malus (sığorta tarixçəsi) əmsalını öyrənə bilərlər.

Zəruri məlumatlar aidiyyəti dövlət qurumlarının inteqrasiya olunmuş sistemlərindən avtomatik götürülür.

 Eyni zamanda, İSB-nin Şəxsi Kabinet bölməsi də yenilənərək funksional imkanları təkmilləşdirilib və qüvvədə olan müqavilələrin bitmə tarixini izləmək daha rahat fərdi formata gətirilib.