“Şahdəniz” yatağına böyük vəsait xərclənib

14:29 - 10.05.2024


10 may, Fineko/abc.az. Bu ilin birinci rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 719 milyon dollar əməliyyat xərcləri və təxminən 201 milyon dollar əsaslı xərclər çəkilib.

ABC.AZ xəbər verir ki, bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabatda qeyd edilib.

Beləliklə, bu ilin yanvar-mart aylarında “Şahdəniz” üzrə ümumi xərclər təqribən 920 mln. dollar təşkil edib.

“Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub”, – hesabatda qeyd olunur.

Sənədə əsasən, rüb ərzində “Şahdəniz” yatağından Azərbaycan (“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (“BOTAŞ” şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərinə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.