10:35 - 8.05.2024
8 may, Fineko/abc.az. "Həmrəylik halqası" (STRİNG) təşəbbüsü çərçivəsində Azərbaycan qazının Avropaya tədarükü ilkin mərhələdə ildə 5 milyard kubmetr təşkil edə bilər.
ABC.AZ xəbər verir ki, bu barədə Slovakiya Qaz və Neft Assosiasiyasının (SGOA) icraçı direktoru Rixard Kvasnyovski bildirib.
O bildirib ki, Avropa ölkələrinin Rusiya qazından asılılığının son illərdə mayeləşdirilmiş təbii qaz və Norveç qazının tədarükü sayəsində əhəmiyyətli dərəcədə azalıb.
"Beləliklə, Azərbaycan daha bir mənbə ölkəsi ola bilər. Bu, xüsusilə mərkəzi və Şərqi Avropa ölkələri üçün enerji təhlükəsizliyinin artırılmasına, onların Şərq qaz boru kəmərləri sistemi ilə tarixi əlaqələrini nəzərə alaraq əhəmiyyətli bir töhfə olardı", — deyə Kvasnovski bildirib.
Onun sözlərinə görə, bu kontekstdə transsərhəd birləşmələrin ötürmə qabiliyyətinin artırılması şərti ilə mövcud infrastruktur vasitəsilə Azərbaycandan qaz idxalının həcminin artırılmasına yönəlmiş "Həmrəylik halqası" təşəbbüsünü qeyd etmək lazımdır.
25 aprel 2023-cü il tarixində Sofiyada Bolqarıstan ("Bulqartransqaz"), Rumıniya ("Transgaz"), Macarıstan (FGSZ), Slovakiya (Eustream), eləcə də Azərbaycan Dövlət Neft Şirkəti arasında "Həmrəylik halqası" (STRİNG) təşəbbüsü çərçivəsində qaz nəqli sistemlərinin operatorları arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu imzalanmışdı.
İnterfaks-Azərbaycan