SOCAR Türkiyənin iki şəhərinə nə qədər investisiya yatırıb?

15:20 - 4.03.2024


4 mart, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki “SOCAR Türkiyə” törəmə şirkəti Kayseri və Bursa şəhərlərinin qazlaşdırılmasına 4 ildə 170 milyon ABŞ dolları həcmində investisiya yatırıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə “SOCAR Türkiyə”nin Təbii Qaz Biznes Bölməsinin rəhbəri Fuad İbrahimov bildirib. 

Onun sözlərinə görə, bu investisiyalar 2019-2023-cü illər ərzində “Kayserigaz” və “Bursagaz” şirkətlərinin fəaliyyətinə yatırılıb.

O qeyd edib ki, 4 ildə “Bursagaz” ve Kayserigaz” ümumi abonentlərinin sayı 1.9 milyona çatıb: “Bu abonentlərin 1.2 milyonu “Bursagaz”ın payına düşüb ki, bununla da şirkət abonent sayına görə 4-cü ən böyük qazpaylayıcı şirkətidir. Bursa şəhərinin 11 rayonunda şirkətin qaz şəbəkəsinin uzunluğu 7 561 kilometrə çatıb”.

F.İbrahimov həmçinin bildirib ki, “Kayserigaz” şirkətinin ümumi abonentlərinin sayı 700 minə çatıb: “Kayseridə qaz şəbəkəsinin ümumi uzunluğu isə 6 675 kilometr təşkil edib. Yeni yatırımlarımızla abonentlərin sayı artacaq”.