"e-Müqavilə" sistemi vasitəsilə 3 milyard manatdan çox dövlət satınalma müqaviləsi imzalanıb

11:08 - 6.10.2026


6 oktyabr, Fineko/abc.az. Bu ilin 9 ayı ərzində “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) “e-müqavilə” altsistemində 7 386 dövlət satınalma müqaviləsi gücləndirilmiş elektron imza ilə təsdiqlənib.

Maliyyə Nazirliyindən verilən məlumata görə, imzalanmış müqavilələrin ümumi məbləği 3 milyard manatı ötüb. Bu məbləğin 51,2%-i işlərin, 34,22%-i malların, 14,58%-i isə xidmətlərin payına düşüb.

Cari ilin aprel ayından istifadəyə verilən sistemdə hazırda 1 288 satınalan təşkilat və 2 609 təchizatçı fəaliyyət göstərir.

Dövlət satınalma müqavilələrinin vahid platformada hazırlanması və izlənilməsini təmin edən altsistemdə rəqəmsallaşdırma davam etdirilir; artıq sistem üzərindən elektron təhvil-təslim aktlarının formalaşdırılması və təsdiqlənməsi imkanı da yaradılıb.