Bank sektorunun xalis mənfəəti 23 faizə yaxın artıb

11:30 - 6.10.2026


6 oktyabr, Fineko/abc.az. Mövcud manat portfelində faiz fərqinin böyüməsi bankların maliyyə nəticələrində özünü qabarıq büruzə verib. 2026-cı ilin ilk səkkiz ayında bankların kreditlərdən faiz gəlirləri 17,2% artaraq 2 milyard 982,6 milyon manata, xalis mənfəəti isə 22,7% artaraq 949,7 milyon manata yüksəlib.

Bununla yanaşı, yeni bağlanan kredit və depozit müqavilələrində fərqli mənzərə yaranıb. Avqust ayında yeni cəlb olunan manat depozitlərinin orta faizi 8,1%, yeni kreditlərin orta faizi 18,83% olmaqla aradakı spred 10,73 faiz bəndinə enib ki, bu da ilin əvvəli ilə müqayisədə müəyyən daralmadan xəbər verir.

Mərkəzi Bankın sədri Taleh Kazımov faizlərin bazarda formalaşdığını və cəlb edilən pulun orta maya dəyərinin təxminən 9% olduğunu bildirərək rəqabətin artırılmasının vacibliyini diqqətə çatdırıb.