14:09 - 8.02.2024
8 fevral, Fineko/abc.az. Azərbaycan və Türkiyə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri pensiya və müavinətlə təminatı, sosial müdafiəsi sahəsində qarşılıqlı fəaliyyət üzrə danışıqlar aparır.
Nazirlikdən ABC.AZ-a daxil olan məlumata görə, bununla əlaqədar Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyində olub.
Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlığa dair 17 iyul 1998-ci ildə imzalanmış sazişin müasir dövrün tələblərinə uyğun yenilənməsi işləri aparılır.
Məqsəd saziş çərçivəsində hər iki ölkə vətəndaşlarının sosial müdafiə alətləri ilə əhatə olunma dairəsinin genişləndirilməsidir. İki Nazirliyin ekspertləri arasında keçirilən görüşdə sözügedən sazişin yeni layihəsinin mətni razılaşdırılıb və hazırda bu sənəd üzərində qarşılıqlı olaraq texniki düzəlişlər həyata keçirilir.
Yenilənmiş saziş layihəsi hər iki ölkə vətəndaşlarının pensiya və müavinətlə təminatı, sosial müdafiəsi sahəsində qarşılıqlı fəaliyyət üzrə əməkdaşlığı nəzərdə tutur.